• Şb. Noy 23rd, 2024

SAXTA İDDİALARA QƏTİ ETİRAZ EDİRİK

ByYenigun.news

Apr 28, 2021

ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq Türkiyədə və Azərbaycanda kəskin etirazla qarşılanır. Düşünürəm ki, bütün dünyada haqqı və ədaləti dəstəkləyən xalqlar Amerika prezidentinin bu bəyanatına etiraz etməlidir. Əgər məqsəd tarixi faktları obyektiv araşdırmaqdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və bu iş ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir.
Belə bir bəyanat qarşılıqlı münasibətlərə və strateji tərəfdaşlığa qətiyyən uyğun deyil. İllər öncə Türkiyə tərəfi bu məsələ ilə bağlı vacib təşəbbüslərlə çıxış edib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasını və arxivlərin açılmasını təklif edib. Amma erməni tərəfi bundan imtina edib. Çünki tarixdə belə bir “soyqırımı” olmayıb. Yeganə həqiqət budur. Tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir. ABŞ Prezidentinin məlum bəyanatı heç bir hüquqi qüvvəyə malik deyil. Azərbaycan cəmiyyəti saxta erməni soyqırımı iddialarına qəti şəkildə etiraz edir.
Qondarma “erməni soyqırımı” məsələsi yalnız siyasi təzyiq alətidir və ikili standartların təzahürüdür. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.
Qondarma ittihamları dilə gətirən siyasi dairələr nədənsə 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salan, etnik təmizləməyə məruz qoyan, qətlə yetirən, işgəncə verən, tarixi abidələrimizi belə saxtalaşdırmağa cəhd göstərən Ermənistana qarşı fərqli standart nümayiş etdirib. Bu bir daha onu göstərir ki, irəli sürülən bu saxta iddia əsasızdır və siyasi təzyiq xarakteri daşıyır: “2020-ci ildə baş vermiş Vətən müharibəsi ermənilərin faşist xislətini bir daha bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycanın tarixi abidələrini saxtalaşdıraraq öz adlarına çıxmağa cəhd göstərən ermənilər artıq bunu özlərinə peşə seçiblər. Onlar məhz saxtakarlıqlar və yalanlar üzərindən özlərinə yeni tarix yaratmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər.
Gülbəniz Məmmədova, Cəlilabad şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir