• Be. Noy 25th, 2024

TARİXİN İBRƏT DƏRSİ

ByYenigun.news

Apr 16, 2021

Bu günlərdə açılışı olmuş Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir: Parkdakı eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu gün Parka gələrkən istər-istəməz yaxın keçmişdə Azərbaycan xalqının düçar olduğu haqsızlıqları xatırlayırıq. Ölkə başçımız bu xüsusda demişdir: “Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik” Bax, budur tarixin ibrət dərsi! Heç nə unudulmur.
Bizi bu gün dövlətə və Azərbaycan xalqına qarşı törədilmiş xəyanətkarlıq da düşündürməyə bilməz. Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Prezident Parkın açılışında açıq-aşkar söylədi ki, AXC-Müsavat cütlüyü şəxsi ambisiyalar naminə dövlətin maraqlarını satan siyasi qüvvələrdir. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyü hərbi çevriliş etmək istəmişdilər, xalq onları dəstəkləmədi. Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Biz, gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik.
Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi və sözün yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatının, Ordunun, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi üçün əlindən gələni əsirgəmədi, xalqımızı, dövlətimizi daim inkişafa, yeniliyə doğru apardı: Cənab Prezidentimiz Azərbaycana qarşı həyata keçirilən saysız-hesabsız təzyiqlərə sinə gərdi, xalqımızı təslimçi sülhə sürükləmək istəyən xarici qüvvələrin və onların daxildəki əlaltılarının məkrli planlarını alt-üst etdi. Azərbaycan xalqını addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı. Xalqın özünəinam hissini geriyə qaytardı, milli birliyimizi, həmrəyliyimizi, mütəşəkkilliyimizi təmin etdi. Bu baxımdan, Hərbi Qənimətlər Parkı, orada nümayiş etdirilən silahlar, istehkamlar həm də bizi Zəfərə aparan yolun nə qədər çətin, məşəqqətli və şərəfli olduğunu nümayiş etdirir.
Hesab edirəm ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin gücünü və potensialını hər mənada özündə əks etdirən əsl muzey kompleksidir. Həmçinin bu park gələcəkdə də Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək revanşistlər üçün bir ibrət dərsidir. Bu nöteyi-nəzərdən Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun gücünü, dövlətimizin sarsılmaz iradəsini görəcək..

Tarixin ibrət dərsi mətnin müəllifinin vəzifəsi YAP rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir