“Vətən!” “Ana Vətən”! – bu sözlə ifadə etməyə çalışdığımız məkanın mənəvi dəyərini insan övladı daima yüksəklərdə tutur, vətəni üçün canını belə əsirgəmir. Biz, ana ilə vətəni həmişə bir tuturuq. Hər birimizin evinin kəndarından başlayan vətənimiz ulu babalarımızın kök saldığı, yaşadığı, qanı ilə suladığı, bizlərin bugün də sərvətlərindən doya-doya bəhrələndiyimiz, gələcək övlad və irsimizin yaşayacağı yurddur. Vətənimiz də öz növbəsində onu yaşadacaq, var olmasını təmin edəcək, ucaldacaq övladlarına yuva olur, məskən olur, ünvan olur. Vətənimiz çox sayda vətənpərvər, vətəninə sadiq, uzaqgörən, igid, mərd oğullar və qızlar yetişdirmişdir. Lakin dahi şəxsiyyətliliyi, praqmatik liderliyi, uzaqgörənliyi, Azərbaycan Xalqının gələcəyi, rifahı naminə gərgin mübarizələrin aparılmasında qalibiyyətləri, nailiyyətləri ilə seçilən, xalqı tərəfindən “Ümummilli Lider” adına layiq görülmüş Heydər Əlirza oğlu Əliyev Şanlı Azərbaycanın Xalq tarixində əvəzsiz yer tutur.
Heydər Əlirza oğlu Əliyev Azərbaycanın milli tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Heydər Əlirza oğlu Əliyev 10 May 1923 – cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Onun fəaliyyət tarixinin bütün dövrləri xüsusi əhəmiyyətə malikdir.
Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Rəhbərliyə başladığı illərdən, hətta ondan öncə olan dövrlərdə belə Heydər Əlirza oğlu Əliyev Azərbaycanın çiçəklənməsi, xalqının rifahının yaxşılaşdırılması istiqamətində saysız-hesabsız nailiyyətlər əldə edib. Eyni zamanda xalqının uzun müddət mənfi təsirlərə məruz qaldığını, milli ruhunu itirməyə məruz qoyulduğunu anlayaraq, yenidən özünə gəlməsi, milli ruhunu gücləndirməsi istiqamətində də çox saylı fəaliyyətlərə rəhbərlik etmiş, bilavasitə nəzarətində saxlamışdır. Heydər Əlirza oğlu Əliyevin rəhbərliyə başlaması dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.
Heydər Əlirza oğlu Əliyev bütün dünyaya sübut edib ki, Azərbaycan təkcə neft Bakısı deyil, öz qədim tarixi ilə, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Mədəniyyət mərkəzidir, hətta, dünyavi mədəniyyətləri birləşdirən xətlərin, kommunikasiyaların üzərində yerləşən multikulturalist bir ölkədir. Rəhbərliyə başladığı ilk il ərzində Azərbaycanda insanların məskunlaşdırılması, yaşayış infrastrukturunun yenilənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlərin əldə olunmasında əvəzsiz xidmətləri oldu. 1970-ci ildə bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətti çəkildi. Ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Azərbaycanın məktəblərində təhsilin səviyyəsinin artırılması üçün islahatlar apardı. 1970-ci ildə Azərbaycanın gənclərini daha da təhsillərini artırmaq məqsədilə Moskvanın aparıcı ali məktəblərinə göndərirdi. Tezliklə, təhsillərini artırmaq məqsədilə göndərilən tələbələrin sayı yüzlərlə olur.
Təhsil istiqaməti və bugün var olan Azərbaycanın sütununu təşkil etmək baxımından bir məsələyə xüsusilə toxunmaq istərdim. Heydər Əlirza oğlu Əliyevin səyləri nəticəsində 19 aprel 1971 – ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olunub. Bu məktəbin məzunları sıralarında generallar və admirallar vardır. Gələcəkdə müstəqil Azərbaycanın güclü orduya ehtiyac duyacağını nəzərə alan dahi Liderimiz hələ XX əsrin 70-ci illərində Azərbaycan hərbçisinin yetişdirilməsi barədə düşünüb. Belə bir ehtiyacın mütləq yaranacağını görüb, duyub. Azərbaycanımıza müstəqilliyini damla-damla qazandırıb. Vətənimizi buna hazırlayıb, vətəndaşını müstəqillik üçün həm savad, həm də milli ruh baxımından hazırlığını təmin və təşkil edib.
Ümummilli Liderimiz dərin mədəniyyətimizin, tariximizin məhv edilməsinə heç vaxt imkan verməzdi. Azərbaycanımızın yazıb yaratmış dahilərinin irsinin yox edilməsinə imkan vermir. Xurşudbanu Natəvanın, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və bir çoxlarının abidəsini ucaltdırır. Bir çox yazarlarımızın ev muzeylərinin tikilməsinin həyata keçirilməsinə bilavasitə rəhbərlik edir. O dövr üçün ən çətin əldə oluna biləcək nailiyyətə imzasını atır. Repressiya qurbanları olan Mikayıl Müşfiq və Hüseyn Cavidin Azərbaycançılıqda əhəmiyyətli yerini bilən Babamız məxsusi qərarla hər ikisinin ev muzeylərinin yaradılmasına bilavasitə rəhbərlik edir.
Dəyərini, qızıl izlərini, əməllərini, fəaliyyətlərini kitablarla ifadə edib bitirmək mümkün olmayan Dahimiz, Liderimiz, dövrün qaranlıqlarındakı tək Çırağımız, dilimizi də unutmur. 1978-ci ildə Azərbaycan SSRİ konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili kimi öz hüquqi qüvvəsini tapmasını həyata keçirir. Xalqımızın dilini, doğma dilini bərpa edir, xalqa özlüyünü bəxş edir.
Hər bir an Azərbaycanını sevən, Xalqına dayaq olan Liderimiz Vətəni və Xalqı uğrunda mübarizədə daima mübarizə aparıb, Vətəni və Xalqına qarşı olan bütün fəaliyyətlərə qarşı etiraz səsini ucaldıb. Məhz bu səbəbdən 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Bakıda törətdiyi dəhşətli, qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyindən bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. Amma heç zaman Vətəni və Xalqı uğrunda mübarizəsini dayandırmayıb,son nəfəsinə qədər mübarizəsini davam etdirib.
16 dekabr 1991 ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman” Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında “qərar qəbul olundu, Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birliyi yolunda ilk addım oldu.
1993-cü ilin iyun ayının 15də Ümummilli Liderimiz xalqımızın istəyi ilə Bakıya gəldi. Rəhbərlikdəki özbaşınalığı aradan qaldırdı. Bugün bizim əldə etdiyimiz nailiyyətlər, hələ o zaman Heydər Əliyevin səpdiyi toxumların cücərtisidir. Bir lider kimi sükanı əlinə aldıqdan dərhal sonra, 1994-cü il idi, əks-hücum əməliyyatlarının icrası ilə işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılması, rəqibin atəşkəsi imzalamağa məcbur edilməsi və bununla da bugün var olan güclü Azərbaycanın, hansı ki, artıq “Qarabağını” geri alıb, yaranmasına, daha da güclənməsinə şəraitin yaradılması da məhz onun, Heydər Əlirza oğlu Əliyevin, bizim Həmişəyaşar Liderimizin adı ilə bağlıdır.
20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalanır. Burada, Azərbaycan xalqı, Azərbaycançılıq üçün əhəmiyyətinin hədd və hüdudu olmayan “Xalqının gələcək təhlükəsizliyinin əsrlər boyu təmin edilməsi” məsələsi üzərində dahiyanə bir qələbə qazanıldı. Təbii ki, bu ancaq bir nəfərin, Heydər Əliyevin təyin etdiyi kursun nəticəsi ola bilərdi.
Mənfur düşmənin “Dənizdən dənizə böyük dövlət xülyası” nın əsil mənası Qara dənizdən Xəzər dənizinədək ərazini min bir pis fikirlər və siyasətlə ələ keçirtmək, gələcəkdə (hansı ki, artıq bir çoxu reallaşdırılıb:TAÖ, TANAP, BTC, BTQ vəs.) Şərq ilə Qərbi birləşdirən mühüm kommunikasiya xətləri üzərində yerləşmək, qlobal təhlükəsizlik kontekstində ərazisinin və bu ərazidəki xalqının təhlükəsizliyini təmin etmək idi. Yəni strateji səviyyədə yüz illər boyu planlaşdırılan məhz bu idi ki, Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin və Onun layiqli davamçısı, praqmatik, uzaqgörən və müzəffər Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə nəinki bunun qarşısını almış oldu, hətta bu strateji planı lehimizə çevirərək düşmən üzərində əsaslı qələbə və nailiyyətə yiyələnmiş oldu.
İnsan həyatının ən dəyərli qazanclarından biri də onun övladı, yeni isidir. Heyrətamiz insan, heyrət aparmaqla qürur duyduğumuz, onunla həmvətən olmağımızla qürurlandığımız dahimiz Heydər Əlirza oğlu Əliyev öz tək oğul övladı olan Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevi də vətəninə həsr etdi. Ondan sonrakı dövrlərdə də təməlini qoyduğu vətəninin keşikçisi və inkişafçısı olaraq yüksək iradə, əzmkarlıqla, uzaqgörənliklə yetişdirdiyi Cənab Prezidentimizi yetişdirdi və Vətənimizə layiqli övlad olaraq yetişdirilən Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməkdədir. Cənab Prezidentimiz Azərbaycanımızın nüfuzunun gün keçdikcə artmasına, beynəlxalq səviyyədə Azərbaycanın söz sahibinə çevrilməsinə nail olmuşdur. Həmişə qəlblərimizdə yaşayacaq Ümummilli Liderimiz bizlərə belə bir Lideri miras qoydu. Cənab Ali Baş Komandanımızın rəhbərliyi və uzun illər hazırlığı davam etdirilən öz hazırlıqlı, müasir standartlara cavab verən, müasir silahlanmaya malik ordusu ilə əks-hücum əməliyyatı keçirdi və nəticədə işğal altında olan torpaqlarımızı uzun illər sonra azad etdi, öz doğma torpaqlarından, evlərindən didərgin düşmüş insanlarımızın haqq səsini dünyaya duyurdu, ədaləti bərpa etdi, beynəlxalq səviyyəli təşkilatların qəbul etdiyi qətnamələri icra etdi, beynəlxalq hüququ hər şeydən ali tutaraq onun tələblərini yerinə yetirdi. Cənab Prezidentimiz Ümummilli Liderimizin ziyarətinə gedərək ona tapşırılmış Müqəddəs Missiyanın icrasını göz yaşları və yüksək sevinc hisləri içində qeyd etdi.
Ulu Öndərin yaratmış olduğu sağlam mühitdə müasir srandartlara uyğun təhsil alan, böyüyüb başa çatmış gənc nəsil olaraq bizlərə miras qoyduğu layiqli davamçısının yoluyla getmək, onu bütün istiqamətlərdə dəstəkləmək bir azərbaycanlı kimi milli vəzifə borcumuzdur. Ulu Öndər tərəfindən təyin edilmiş düzgün kurs Cənab Prezidentimiz tərəfindən yeni çağırışlarla ayaqlaşan strateji xətlə uğurla davam etdirilir. Mən isə Məmmədova Leyla İslam qızı belə bir milli ruhda böyüyən, dövlətçiliyə sadiq ailədə tərbiyə alan bir şəxs olaraq məsuliyyətimi dərk edir və gündəlik fəaliyyətimin təşkilində Ulu Öndərimizin bizə mirasını, Cənab Prezidentimizin uğurlu kursunu özümə rəhbər tuturam.
Yazar: Leyla İslam qızı Məmmədova (Bərdə rayonu)
Yenigun.news