• Be. Noy 25th, 2024

YERİ GÖRÜNƏN İNSAN

ByYenigun.news

Apr 16, 2021

       Respublikamızda və onun hüdudlarından kənarda tanınmış bacarıqlı idman mütəxəssisi, gözəl və səmimi insan, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, beynəlxalq dərəcəli hakim, Cəlilabad rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin ağır atletika bölməsinin baş məşqçisi olmuş Qadir Kavı oğlu Babayev.

       Qadir Babayev 1954-cü il yanvarın 17-də Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuş, yeniyetmə çağlarından idmanın ağır  atletika növünə maraq göstərmiş, tezliklə perspektivli idmançı kimi respublika yığma komandasına qəbul edilmiş, dəfələrlə ölkə birinciliyi və çempionatlarının, beynəlxalq yarışların qalibi olmuş, idman ustası adını qazanmışdır. O, 1976-cı ildə Azəraycan Dövlət Bədən Təriyəsi Universitetinə daxil olmuş, təhsilini başa vurduqdan sonra Cəlilabad UGİM-də məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Fəaliyyəti dövründə idmançıların hazırlanmasında səyləri nəzərə alınaraq dərs hissə müdiri vəzifəsinə təyin olunmuşdur.

       Təcrübəli məşqçinin yetirmələri respublika və beynəlxalq yarışlarında uğulu çıxışları ilə Azərbaycanın idman şərəfini yüksəklərə qaldırmışlar, özü isə dünya və Avropa çempionatlarında dəfələrlə hakimlik etmiş, 2019-cu ildə Tbilisi şəhərində veteranlar arasında keçirilən ağırlıqqaldırma yarışında dünya çempionu adına layiq görülmüşdür. 2007-ci ildə “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adlarını, 2014-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanını, 2015-ci ildə Milli Olimpiya Komitəsinin Fəxri fərmanını almışdır.

      Bu kiçik xülasədən göründüyü kimi, Qadir müəllim həyat yollarında öz zəhməti ilə yüksəlmişdi, heç kəsdən vəzifə tutmaq üçün kömək istəməmişdi, haraya göndərilmişdisə, «baş üstə» deyib getmişdi, ürəyinə yatsa da, yatmasa da tapşırılmış işə can yandırmışdı. Ən çətin məqamlarda da  heç zaman hiss olunmamışdı ki, işdən əli soyusun, təlim-tərbiyə işlərinə ikinci dərəcəli məsələ kimi baxsın. Çünki yaxşı başa düşürdü və dəfələrlə söyləyirdi ki, cəmiyyətdə kamil insan  gərəkli iş üçün heç nəyini əsirgəməməli, canını və qanını sərf etməlidir. Və Qadir müəllim belə də etdi, hər zaman şəxsi nümunə göstərdi, daim həm öz başını, həm el-obanın başını ucaltdı, Vətənin ləyaqətini hər şeydən üstün tutdu. Mamı bir nəfər kimi Qadir müəllimin idman təşkilatçısı kimi yaradıcı işini xüsusi qiymətləndirir, onun təşəbbüslərinə səs verirdi.

       Bütün fəaliyyəti və həyatı Allahın nizamıyla qurulmuş,  qeyri-adi dərəcədə təvazökar, sadə, nəvazişli bir insan idi Qadir  müəllim. Daxili aləmi çox yumşaq, mülayim və olduqca həlim idi. Heç kəsə yuxarıdan baxmazdı, təşəxxüs deyilən şey nədir, bilməzdi, yüksək titullar sahibi  olduğunu dilinə belə gətirməzdi, təbiidir ki, əlində olan imkanlardan da heç vədə sui-istifadə etməzdi. Gözü-könlü tox bir insan idi. Bir iş görəndə, hər hansı tədbiri həyata keçirəndə ilk növbədə cəmiyyətin fikrini və mülahizəsini nəzərə alardı, heç nəyi şəxsən özü üçün etmirdi, düşünürüdü ki, nə edirsə, el üçün, gənc nəslin sağlam böyüməsi üçün edir.  

       Qadir Babayev səmimi dost, gözəl ailə başçısı idi. O, ömrünün 66-cı ilində qəflətən vəfat etdi. Xatirəsi Cəlilabad ictimaiyyətinin qəlbində daim  yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin!

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin kollektivi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir