Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Videokonfrans formatında keçirilən Zirvə görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.
Görüşün keçirilməsi ölkəmiz üçün xüsusilə əlamətdar olmuşdur. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Yeni əməkdaşlıq və tərəfdaşlıq konfiqurasiyası müasir yanaşma və metodları tələb edir. Artıq Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında – bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb. Bu mənada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, əməkdaşlığın daha da inkişaf etməsi baxımdan mühüm töhfə olacaq.
Bu istiqamətdə diqqət yetirilən əsas məsələ regionda yeni nəqliyyat-kommunikasiya xəttinin yaradılmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə qeyd etdi ki, müharibə artıq başa çatdı, münaqişə tarixdə qalıb. Yeni imkanlar yaranıb: Onların arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq Prezident qeyd edib ki, .Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Məlumdur ki, Zəngəzurun vaxtilə Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək.
Vətən müharibəsində qazanılmış böyük zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi: “Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eləcə də Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzur dəhlizi ilə bağlı çıxışı Avrasiya geosiyasi məkanı üzrə ünvanlanmış mühüm tarixi-siyasi mesaj idi.
Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün yeni imkanlar yaradır. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə zamanı göstərilib ki, Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və haqq-ədalətin öz yerini tapması ilə əlamətdar deyil. Bu müharibənin nəticələri həm də region dövlətləri üçün yeni əməkdaşlıq potensialı yaradıb. Yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları bölgədə çoxşaxəli münasibətlərin inkişafına xidmət göstərir və böyük iqtisadi-ticari qazanc vəd edir. Məhz bu baxımdan möhtərəm Prezidentimizin uzaqgörən, dərindən düşünülmüş ideyalarını alqılayırıq. Xalqımız, gələcək nəsillər cənab İlham Əliyevin üçün göstərdiyi qayğı və diqqəti daim qiymətləndirəcəklər.
Varid Əsgərov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi