“Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir. Burada dəmiryolu stansiyası yerləşirdi”.
“Yenigun.news” xəbər verir ki, bunu Prezident İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.
Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar:
“Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müddət bundan əvvəl Horadiz-Ağbənd dəmiryolunun təməl daşını qoyduq”.
Prezidentin sözlərinə görə, bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək:
“Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”.