2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil ölkədir. Müstəqilliyimizin tarixi isə artıq 103 ildən çoxdur. Bu əsasda 28 may tarixinin bundan sonra Müstəqillik Günü adlandırılması daha məqsədə uyğundur. Çünki Azərbaycan məhz 28 may 1918-ci ildə mütəqil dövlət olaraq elan olunub. Sovetlər birliyi süqut etdikdən sonra Azərbaycan yenidən öz müstəqiliyini bərpa edərkən 18 oktyabr Müstəqillik Günü adlandırılmışdır. Əslində isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Nəzərdə tutulan yeni düzəlişlər məhz bir sıra uyğunsuzluqları aradan qaldırmışdır. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunması düzəliş nəticəsində təmin edilmişdir. Burada mühüm məqamlardan biri də odur ki, qəbul edilən düzəliş ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxardır.
Mahiyyət etibarilə də 28 may 1918-ci il və 18 oktyabr 1991-ci illərdə baş vermiş hadisələr bir-birindən fəqlənir. 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi daha düzgündür. Bu hər iki hadisənin yeni qaydada təsbit edilməsi eyni zamanda yetişən gənc nəslin hadisələrin tarixi mahiyyətini daha əhatəli şəkildə dərk etməsi ilə nəticələnəcəkdir. Qeyd etməliyik ki, dünyanın əksəriyyət ölkələrində məhz müstəqil dövlətin yaradılış günləri Müstəllik Günü olaraq qeyd olunur.
Vətən müharibəsindəki tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. Bu sahədə atılan addımlar bəyənilməlidir.
Fərqanə Məmmədova