Cəlilabad Rayon İcra Hakimiyyətinin Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə çəkilən fotoşəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, rayonda Novruz şənliyində Şaxta baba da iştirak edib.
YeniGun.News- ın məlumatına görə, şəkildən görünür ki, mavi geyimli və ağ saç-saqqalı olan personaj tonqal ətrafında dövrə vurur, keçəlin əlindən tutaraq rəqs edir. Tədbirə icra başçısı Rafiq Cəlilov da qatılıb. Hətta iddia olunur ki, mərasimə Şaxta babanın çağırılması onun ideyasıdır.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Əmirov saytımıza bildirdi ki, müzakirələrə səbəb olan personaj Şaxta baba yox, Dədə Qorquddur: “Həmişə Novruz şənliklərində Dədə Qorqud personajı iştirak edib. Geyimi də adətən, ağ rəngdə olur, bu dəfə göy rəngdə olub. Havaların soyuq keçməsi ilə əlaqəli tədbirə Şaxta babanın gətirilməsi haqda məlumat həqiqətə uyğun deyil”.