Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününüə həsr olunmuş “Ordumuz qürurumuz, xalqımız dayağımızdır” devizi altında vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə Rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbər işçiləri, Müdafiə nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər iştirak etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən vətənpərvərlik tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Ordumuz qürurumuz, xalqımız dayağımızdır” devizi ilə reallaşan layihənin rəhbəri Abdulla Qurbani bayram münasibətilə yığıncaq iştirakçılarını təbrik edib, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, müharibəyə cəlb edilmiş və qalib çıxmış bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir.
Natiq bildirib ki, siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanan Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycanın ordu quruculuğunda da yeni mərhələnin əsasını qoyub. O, Azərbaycan Ordusunun yarandığı gündən erməni-daşnak qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərildiyini diqqətə çatdırıb. Çıxış edən mərasim iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixindən, Müasir Azərbaycan Ordusunun formalaşmasında Ulu Öndərin xidmətlərindən, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Qələbədə zabit və əsgərlərimizin rolundan bəhs etmişlər. Qeyd olunub ki, Vətən müharibəsi xalqımıza əsl qələbə sevincini yaşadıb. Bu hadisə dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərib. Bu döyüşlər zamanı təkcə Cəlilabad rayonu 100-ə yaxın şəhid verib.
Toplantıda təltif olunmuş bir qrup müharibə qazisinə medallar, xatirə mükafatları təqdim olunub. Şəhidlərin xatirəsinə yenicə nəşr olunmuş kitab təqdim olunub. Sonda tədbir ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam etdirilib.