Prezident İlham Əliyev Soçi görüşündəki bəyanatında ölkəmiz regionda sülhün, əmin-amanlığın tərəfində dayandığını, bu istiqamətdə nəzərdə tutulan layihələrin ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın Rusiyadan yardım istəməklə bərabər ABŞ və Avropanın bir sıra aparıcı dövlətləri arasında ikiyüzlü bir siyasət yürütməsi Rusiyanın gözündən qaçmayıb. Soçi görüşü zamanı bu kimi faktorları gözardı etmək olmazdı. ABŞ-Rusiya münasibətlərində gərginlik müşahidə edildiyi bir anda Paşinyanın qeyri-adekvat siyasi pozisiyası və ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə övünməsi rəsmi Moskvanı əməlli başlı qıcıqlandırırdı, deyə bilərik. Əslində Ermənistanın Rusiyaya qarşı satqınçılıq və riyakar bir siyasi pozisiya tutması yaxşı oldu.
Düşmən ölkə uzun illər davam edən işğal zamanı təcavüzkar siyasət yürüdüb, bunun nəticəsində şəhər və kəndlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələrini yerlə bir edib, mənimsəyib. Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri Qarabağ və ətraf rayonların demək olar ki, bu gün hər qarışında nəzərə çarpır. Ermənistan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən ötən bir il ərzində də bu təxribatlarından əl çəkməyib. İstər sülhməramlıların məsuliyyət zanasında, istərsə də dövlət sərhədimizdə cinayət əməllərinə yol verib. Beləliklə, sülhə gəlməkdən imtina edib, bu yolda hər cür maneələr yaratmağa çalışıb.
Soçi görüşündə Nikol Paşinyan bir daha xislətini nümayiş etdirdi. Məsələn, işğalçı olkənin hökumət rəhbəri bəyanatında heç bir əxlaqa, mənəviyyata sığmayan yalan ifadələr səsləndirməkdən belə çəkinməyib, bu il mayın 12-dən bəri Ermənistan–Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyət hökm sürdüyünü, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulduğunu vurğulayıb. Bütün dünya Paşinyanın bu yalan məlumatı ilə Ermənistan rəhbərinin bu gün də sülhə, dinc, yanaşı yaşayışa təhlükə törətdiyinin bir daha şahidi oldu. Beynəlxalq aləm işğalçının kim olduğunu, kimin qonşu dövlətin ərazisinə soxulduğunu yaxşı bilir. Azərbaycan düz bir ildir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsinin təşəbbüskarı kimi çıxış edir, lakin işğalçı dövlət bundan yayınır və mövcud dövlət sərhədimizdə bilərəkdən gərginlik yaradır. Lakin bununla heç nəyə nail ola bilməyəcəyini də dərindən dərk edir. Sadəcə, ortada olan faşizm xisləti bu ölkəni belə bir yol tutmağa sövq edir.
Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Prezident İlham Əliyev bəyanatında da bu məqamı xatırladaraq, hərbi əməliyyatlar bitəndən sonra saxlanılan 100 nəfərdən çox erməni hərbi qulluqçunun, o cümlədən, bir nəfərin bu görüş reallaşan gün səhər Ermənistan tərəfə təhvil verildiyini bildirdi. Ölkə rəhbəri, eyni zamanda, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərildiyini, bir nəfər mülki şəxsin isə yolu azaraq Azərbaycan ərazisinə keçdiyini və ölkəmizin humanizm prinsipinin aliliyi əsas götürülərək onların qarşı tərəfə təhvil verildiyini də diqqətə çatdırdı.
Fəxri Muradov