• C. Noy 22nd, 2024

KƏLBƏCƏR ANA TORPAĞIMIZDIR

Byadmin

Noy 22, 2021

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, ayın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın ikinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın atdığı addım bütün beynəlxalq konvensiyalara və hüquq normalarına uyğundur.
  Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaratdı. Ümumiyyətlə, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan həmin qüvvələr bu yolda hətta suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən ard-arda ələ keçirilmişdi. Ermənilər Kəlbəcərdə olan tarixi abidələri dağıdıb, meşə ərazilərini yandırıb, təbii sərvətləri talan ediblər.
   Xatırlatmaq yerinə düşər ki, Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə əhatə olunub. 2020-ci il yanvarın 1-nə olan statistikaya görə rayonun 77 min əhalisi var. Rayondan məcburi köçkün düşənlərin 22 faizi Gəncədə, 14 faizi Bakıda, 12 faizi Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.
  Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Lex qalası XIII-XIV yüzilliklərin abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
   Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.
  Eyni zamanda, Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometr, Bazarçay və Xaçınçayın uzunluğu isə təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarına və oradan da Suqovuşan su anbarına yığılırdı. Bu da işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulur.

Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Günel Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir