Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində bəyan edib ki, bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur: Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, – hətta Ermənistan buna razılıq da verib, – aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur.
“Anadolu” Agentliyinə verilən geniş müsahibəni diqqətlə dinləmək və öyrənmək hər birimiz üçün vacibdir. Azərbaycan Prezidentinin müraciətini bir çox məsələlərə aydınlıq gətirən sənəd kimi qəbul etmək lazımdır. Baş vermiş hadisələrə həm siyasi qiymət verilir, həm də görüləcək işlər barədə geniş məlumat var.Bu müsahibədə Prezidentin açıqladığı nüanslar əsasında aydın bir mənzərə yaranır. Prezident İlham Əliyev müxtəlif mövzulara toxunub. Ona görə də hər bir mövzu ətrafında geniş danışmaq olar. Amma əsas vacib olan məsələlərdən biri bəlkə də bizim xarici siyasətə aiddir. O cümlədən, uzun müddət vasitəçilik edən Minsk Qrupu haqqında fikirlər vacibdir. Daha sonra Prezidentin sülhməramlılarla bağlı fikriləri də əhəmiyyətli mövzudur. Çünki ictimaiyyətdə sülhməramlılara aid narahatçılıq var. Missiyanın Qarabağda hansı işlərlə məşğul olması da çox suallar doğurur.
Prezidentin müraciət və müsahibəsində diqqətinizi ən çox nə çəkdi? Mənim üçün ən vacibi gələcəyə baxışdır. Yəni, Ermənistanla bağlı hansı gözləntilər var? Tənqid hissəsi öz yerində, amma yenə də gördüm ki, əgər ermənilər sülh və qonşularla normal münasibəti seçsələr, hansı üstünlüklərə nail ola bilərlər. “3+3” platforması ilə əlaqədar da fikirlər səsləndi. İlham Əliyev ermənilərə də yaxşı gələcək üçün yollar göstərdi. Bu baxımdan hesab edirəm ki, ən vacib hissələr bunlardır.
Prezidentin müraciət və müsahibələrindəki mövzular əvvəlkilərdən seçilir. Çünki əvvəllər daha çox Ermənistan və Qarabağ məsələləri müzakirə olunurdu. İndi isə mövzular fərqlidir. Qonşu Ermənistanla əlaqələr bir hissədə, başqa bir hissədə isə ermənilərin gələcəyi barədə fikirlər yer aldı. Qarabada yaşayan ermənilərin bərpa işində iştirakı haqqında deyilənlər vacib bir mesaj idi. Ermənistanın bəzi yerli siyasətçiləri separatçıları Azərbaycana qarşı “mübarizə”ni davam etməyə cəlb etməyə çalışırlar. Bu tərəfdən də səslənən mesaj çox praktik bir əhəmiyyət kəsb edir ki; “gəlin iştirak edin, normal işlə məşğul olun. Yəni, bu yolu seçsəniz, sizin gələcəyiniz Azərbaycanın içində ola bilər. Bu çox vacib məsələdir.
Arif Nəcəfov, Cəlilabad şəhər sakini