• Bz. Dek 22nd, 2024

Davamlı münasibətlərin əsası

ByVuqar Ferzeliyev

Avq 22, 2024

          Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri böyük maraqla izlənildi.  Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. 

   Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır.

      Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrə böyük önəm verir. Hazırda ölkələr arasında bir çox sahələri əhatə edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir.

    Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır və dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər həmçinin tarixi xarakter daşıyır və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”. Qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Bu, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən xəbər verir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir.

        Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.

   Azərbaycanın özünün şəksiz Lideri Prezident cənab İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilirik. Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır.

Nərimanova Ülkər

Saatlı rayon 1 saylı tam orta məktəbin tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir