2024-cü ilin idman yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezideti İlham Əliyevin dediyi kimi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdir. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Biz özümüzə də, dünyaya da sübut etmişik və edirik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir. Əminik ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar.
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminik ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq. Bölgələrdə isə bundan sonra da bu işlər aparılacaq.
O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur
layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi – bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub.
Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, – əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik.
İdman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.
Rafiq Ağayev,
YAP Cəlilabad Rayon Təşkilatı sədr müavini