Hər bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında ordu müstəsna rola malikdir. Bu baxımdan, son üç onillik ərzində müharibə şəraitində yaşayan və işğal faktı ilə üzləşən Azərbaycanın öz Ordusunu davamlı şəkildə gücləndirməsi strateji önəm daşıyır. Azərbaycan ötən dövrdə müasir ordu quruculuğunu daim öz gündəliyinin mərkəzində saxlayıb. Respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bəhs olunan dövrdə dövlət büdcəsindən hər il Silahlı Qüvvələrin möhkəmləndirilməsinə böyük həcmdə vəsaitlər yönəldilib. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini də adekvat şəkildə artırıb.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar - hava hücumundan müdafiə sistemləri, tank və digər zirehli texnikalar, pilotsuz uçuş aparatları, hədəfləri yüksək dəqiqliklə müəyyənləşdirən və məhv edən qurğular və s. cəmləşib. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycan ordu quruculuğunda innovativ texnologiyalardan daha geniş istifadə edib. Ordumuzun peşəkar kadrlarla təchizatı da kifayət qədər yüksək səviyyədədir. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son 17 ildə ölkəmizdə ordu quruculuğunun geniş vüsət almasından bəhs edərək vurğulayıb: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq.
Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən mindən çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb.
Hazırda Azərbaycan ordu quruculuğu baxımından dünyanın güclü ölkələrindəndir. Bu, nüfuzlu beynəlxalq reytinq agentliklərinin də hesabatlarında öz əksini tapıb. Həmin reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Belə güclü Ordu isə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı rolunda çıxış edir.
Müstəqil Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olması, heç şübhəsiz, xalqımızın qürur mənbəyidir. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Ərəstun Vəliyev