Prezident İlham Əliyevin cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı hamımız tərəfindən maraqla qarşılanmışdır. Bunun əsas səbəbi Prezidentin dediyi kimi, “Azərbaycan hökuməti azad edilmiş ərazilərin qlobal standartlara və qabaqcıl təcrübələrə əsaslanaraq bərpasına sadiqdir. Bu mənada ən mühüm məqsəd keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmaları və onlara rahat yaşayış şəraitinin yaradılmasıdır”. Prezident 30 illik işğalı zamanı ermənilərin şəhər və kəndlərimizi qəsdən dağıtdığını, mədəni və dini abidələrimizi talan etdiyini açıq mətnlə iştirakçıların nəzərinə çatdırdı.
“Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək”, – Prezident vurğulayıb.
Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının əsas şüarı “Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir, lakin hazırda Azərbaycanın qarşısında daha çətin vəzifə – işğal dövründə dağıdılmış şəhərlərin sıfırdan bərpa edilməsi dayanır. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Prezidentin sözlərinə görə, “azad edilmiş ərazilərdə bir neçə şəhərin baş planları hazırlanarkən “ağıllı şəhər” prinsipindən də istifadə olunur. Buna görə də inanıram ki, biz bununla kifayətlənməyəcəyik və azad edilmiş bütün ərazilərdə şəhərlərin bərpası zamanı “ağıllı şəhər/kənd” konsepsiyasının komponentləri mövcud olacaq”. Bu baxımdan da Prezident İlham Əliyevin sessiyada çıxış etməsi Azərbaycan həqiqətlərini iştirakçıların diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətli idi.
Mehdi Kərimov, Cəlilabad şəhər bələdiyyə sədri