• Be. Okt 20th, 2025

17 Oktyabr – Füzuli şəhəri günü

ByVuqar Ferzeliyev

Okt 20, 2025

   Beş il əvvəl – 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

   Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində Ordumuz strateji üstünlüklər qazanıb. Döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaət və qəhrəmanlıq göstəriblər. Uğurlu Füzuli əməliyyatı ilə Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilib.

    Ermənistan silahlı birləşmələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.

    2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif olunub.

Muradov Sərhəd

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi