1971-ci ildə ilk dəfə olaraq Azərbaycanda Aşıq Ələsgərin dövlət səviyyəsində yubileyi keçirildi və ondan bir qədər sonra keçmiş sovetlər birliyinin, mən deyərdim ürəyində, Moskvada, Kremlin sütunlu salonlarında bu yubiley tədbirləri həyata keçirildi. Ulu Öndərin özünün də qatıldığı bu yubiley tədbirlərində keçmiş SSRİ-nin ən yüksəkçinli rəhbərləri və tanınmış mədəniyyət xadimləri iştirak edirdilər. Burada mən yaşda olan insanlar yəqin yaxşı bilirlər ki, o dövrdə belə bir tədbirin Kremldə keçirilməsi o qədər də asan bir məsələ deyildi. Bu və buna bənzər tədbirlər yalnız Ulu Öndərin o dövrdə sovetlər birliyində olan böyük nüfuzunun sayəsində mümkün olmuşdur. Mən çox yaxşı xatırlayıram, Ulu Öndərin Sərəncamından sonra Aşıq Ələsgərin 150 illik yubileyi ərəfəsində Göyçə mahalının Ağkilsə kəndində onun qəbirüstü abidəsinin qoyulması məsələsi gündəmə gəlmişdi. Möhtərəm cənab Prezident, Ermənistan rəhbərliyi buna çox ciddi-cəhdlə mane olmağa çalışırdı. O vaxt Göyçə ziyalıları Ulu Öndər Heydər Əliyevə müraciət etdikdən sonra bu məsələ öz həllini tapdı və abidə çox qısa bir müddət ərzində hazırlandı və qoyuldu. Burada qeyd edildiyi kimi, çox təəssüflər olsun ki, o abidə erməni vandalları tərəfindən dağıdılıb. Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, Aşıq Ələsgər yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği və onun əsas mərhələləri də Ulu Öndərin adı ilə bağlıdır.
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir. Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.
Gülnarə Mirzəliyeva
Saatlı MKS-nin əməkdaşı