• Ca. Noy 21st, 2024

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi. İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində “xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur. Xalq dövlət hakimiyyətini Azərbaycan SSR-in siyasi əsası olan xalq deputatları sovetləri vasitəsilə həyata keçirir. Həmin Konstitusiyanın digər maddəsində isə deyilir ki, sovet dövlətinin təşkili və fəaliyyəti demokratik mərkəziyyət prinsipinə: aşağıdan yuxarıyadək bütün dövlət hakimiyyəti orqanlarının seçkili olması, onların xalqa hesabat verməsi, yuxarı orqanların qərarlarının aşağı orqanlar üçün məcburi olması prinsipinə uyğun surətdə qurulur. İlk dəfə olaraq məhz bu konstitusiyada xalq hakimiyyətinin bilavasitə demokratiya institutu olan referendum düzgün olaraq ümumxalq səsverməsi kimi təsbit edilmişdir.  Bu Konstitusiyanın müsbət tərəflərindən biri də odur ki, o referendumu ictimai rəy sorğusundan və qanun, qərar layihələrinin müzakirəsindən fərqləndirirdi, həmçinin referendumla yanaşı xalq hakimiyyətinin bilavasitə demokratiya forması sayılan qanun və qərar layihələrinin ümumxalq müzakirəsini də ehtiva edirdi. Məhz bu Konstitusiyada xalq hakimiyyətinin təmin olunmasında mühüm rol oynanan vətəndaşların petisiya hüququ, vətəndaşların siyasi partiyalarda birləşmək hüququ kimi yeni siyasi hüquqlar bəyan olunurdu. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. SSRİ-nin tərkibinə daxil olan milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Həmin vaxt Azərbaycan SSR-nın rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarət və qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli liderimiz Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyan tarixi təşəbbüs idi. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.

Nicat Mütəllimov

Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir