• Şb. Noy 23rd, 2024

20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir.

ByVuqar Ferzeliyev

Okt 21, 2024

     Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il illər ötsə, qərinələr dolansa belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 2020-ci ilin 20 oktyabr günü həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 3 il ötür. Həmin tarixi günü zəngilanlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıqzəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi – 20 oktyabrı qeyd edirlər. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Oktyabr  Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Zəngilan rayonunun necə işğal olunduğunu da unutmuruq. 

     18 oktyabr 2020-ci il. Bu tarix heç zaman unudulmayacaq. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Hər kəsə yaxşı məlumdur ki, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Doğma Zəngilanın azad olunması şərəfinə 2020-ci il noyabrın 26-da Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir