• C. Okt 18th, 2024

4 Oktyabr – Cəbrayıl Şəhəri Günüdür

ByVuqar Ferzeliyev

Okt 7, 2024

    2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Erməni qəsbkarlarının işğalı altında olan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu.

    Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyil. Sitat: “…Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

   Həmin gün bu xəbəri eşidənlərin gözündə yaş gilələndi, qəhərdən boğazları qurudu. Bu, Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi.

   Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

    Həmin unudulmaz gündən dörd il ötür. Dörd ildir ki, 27 illik həsrətdən sonra rayon sakinləri yenidən Ərgünəş, Kirs dağlarından əsən mehi ciyərlərinə çəkməyin, Xudafərin körpüsünə ayaq basmağın sevinci ilə yaşayırlar. Vaxtilə Cəbrayıl uğrunda döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır. Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu da indi rahatlıq tapır.

Nicat Mütəllimov

Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir