Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın yeni dövrə qədəm qoydu. Bu müddətdə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapır.
Beş il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Bu, tarixi hadisədir. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
“Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
Qarabağın bərpası və yenidən qurulması prosesini ölkə başçısı şəxsən özü izləyir və bu işlərə birbaşa nəzarət edir: “Bu prosesin mühüm tərkib hissəsi Böyük Qayıdışdır. Azad olunmuş ərazilərdə salınan infrastruktur obyektləri, keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına sürətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi bu gün Azərbaycan dövlətinin əsas prioritet siyasətlərindən biridir. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası davam etdirilir.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri zamanı keçmiş məcburi köçkünlərin evlərində qonaq olması, onlarla səmimi söhbətlər aparması və görüşlər keçirməsi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Onun həmin ərazilərdəki çıxışları isə dünyaya verilən mühüm mesajdır.
Ramil Bağırov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini