“Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir. “Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. “Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Digər bir versiyaya görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Qarabağ tarixinin ən sanballı araşdırmaçılarından biri Rəşid Göyüşov hesab edir ki, bütün tarixi ədəbiyyatda Aluenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. Aluen Bərdənin yaxınlığında idi. Lakin Aluenin dəqiq yeri indiyə kimi heç kəsə məlum deyil. Bərdə və Ağdam rayonları ərazisində aparılan axtarışlar nəticəsində məlum olub ki, bu ərazilərdə Govurqaladan başqa belə bir şəhəri xatırladacaq abidə yoxdur. Digər tərəfdən, Aluen məclisindən təxminən 150 il sonra, yəni VII əsrdə yaşamış erməni coğrafiyaşünası Şiraklı Anani Zaqafqaziyaya aid tərtib etdiyi atlasında Aluen şəhərinin indiki Xaçın çayının orta axarında, onun sol sahilində olduğunu göstərib, bu da haqqında danışdığımız şəhər xarabalığının yeri ilə uyğun gəlir. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Govurqalanın yaxınlığındakı bir ərazi indi də “Əlvənd” dərəsi adlanır, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır”.
Ələdddin Zeynalov
Saatlı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı
