Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub. Eyni zamanda Ağdam rayonu Aran Qarabağın ən inkişaf etmiş mərkəzlərindən biri kimi kənd təsərrüfatı, aqrar sənaye və bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən biri olub. Ona görə də, “Böyük Qayıdış” çərçivəsində Ağdamın tarixi şöhrətinin özünə yenidən qaytarılmasına şahidlik edəcəyik. Azərbaycan Prezidentinin səfəri zamanı tanış olduğu obyektlərin, otellərin, iş yerlərinin, yaşayış komplekslərinin, məktəblərin vəziyyəti ilə tanışlıq bir daha onu göstərir ki, Ağdam tamamilə yenidən yaradılır və Azərbaycana faktiki olaraq yenidən qazandırılır. Ona görə də, bu səfər Ağdama möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir
Vaxtilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin təməlini qoyduğu qədim tarixi şəhəri düşmən xarabalığa çevirsə də, bu gün yeni Ağdamın adı cənab İlham Əliyevin adı ilə tarixə yazılır.
Yenicə tikilib istifadəyə verilən obyektlər adamı heyran edir. Təkcə Muğam mərkəzinin bəlkə də dünyada misli yoxdur. Mərkəz 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq;
Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.
Biz də deyirik, bu şəhər, yalnız tarixi və mədəni irsini qorumaqla kifayətlənməyəcək, həm də Azərbaycanın inkişaf edən və müasir bir bölgəsinə çevriləcəkdir. Qarabağ və Azərbaycanın digər işğaldan azad olunmuş əraziləri, yeni infrastruktur, müasir yaşayış şəraiti və güclü iqtisadiyyatla dirçəldiləcəkdir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Cəlilabad rayonu üzrə gənclər və idman sektoru
