Bu barədə “AmCham”dan məlumat verilib.
Məlumata görə, layihənin məqsədi 44 günlük Vətən Müharibəsi qazilərinin, şəhid və qazi övladlarının şəxsi bacarıqlarının inkişaf etdirilməsi, onların iş dünyası ilə yaxından tanışlığı və maraqlarının müəyyən edilərək uyğun karyera seçimində onlara bələdçilik göstərilməsidir.
Bu istiqamətdə ilkin olaraq layihə iştirakçıları ingilis dili və kompüter kurslarına cəlb olunacaq. Bu mərhələdə Celt Colleges tədris mərkəzi ilə yaxından əməkdaşlıq ediləcəkdir. Bununla yanaşı layihə çərçivəsində gənclərə JA Azərbaycan tərəfindən peşəkar inkişaf üzrə karyera təlimləri təşkil ediləcək.
Təlimləri “Celt Colleges” və “JA Azerbaijan”ın peşəkarları ZOOM platforması ilə onlayn keçəcəklər. Bunun üçün “AmCham” üzvləri hər iştirakçıya kompüter ayırıb. Həmçinin sosial təşəbbüsün rəqəmsal tərəfdaşı olan “Azercell” layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə təmin edəcək. Belə ki, lider mobil operator tərəfindən iştirakçılara datakart paylanılıb və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək.
Ümumilikdə, layihəyə ilkin mərhələdə Bakı, Sumqayıt şəhərlərindən və Goranboy regionundan 16 yaşdan yuxarı 25 gənc dəvət edilmişdir. Layihə 6 ay müddətində icra olunacaqdır.
Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar “AmCham”a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər.
Cebhe.info