• Ca. Dek 18th, 2025

Amnistiya aktı və dövlət quruculuğunda insan amili

ByVuqar Ferzeliyev

Dek 18, 2025
  Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktı dövlətin özünə inamının göstəricisidir. Bu təşəbbüs Suverenlik və Konstitusiya İli” çərçivəsində qəbul olunması baxımından dövlətçilik tariximizə mühüm töhfə hesab olunur və Azərbaycan dövlətinin humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Güclü və sabit hakimiyyət humanist qərarlar qəbul etməkdən çəkinmir. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi siqnaldır. Bu o anlama gəlir ki, Azərbaycan hüquqi dövlət olaraq cəza siyasətində belə insan amilini ön planda saxlayır.

   Amnistiya aktı dövlət quruculuğu prosesində hüququn aliliyinin və insan amilinin prioritet olduğunu bir daha nümayiş etdirir. Yeni il ərəfəsində bu qərarın qəbul edilməsi minlərlə ailə üçün sevinc və ümid mənbəyinə çevriləcəkdir. Sənədin icrası nəticəsində məhkum olunmuş şəxslərin bir qisminin cəzası yüngülləşdiriləcək, bir qismi isə azadlığa buraxılacaqdır. Bu isə cəmiyyət daxilində sosial həmrəyliyin və humanizm prinsiplərinin möhkəmlənməsinə xidmət edir.

   Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı göstərilən qəhrəmanlıq nümunələrinin amnistiya aktında ayrıca vurğulanması dövlət başçısının milli yaddaşa və tarixi ədalətə verdiyi önəmin göstəricisidir. Qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə münasibətdə tətbiq olunan humanist yanaşma hüququn cəmiyyət üçün qoruyucu və bərpaedici, islahedici funksiyasını ön plana çıxarır. Bu addım həmin şəxslərin yenidən ictimai həyata qayıdaraq faydalı fərd kimi formalaşmasına real zəmin yaradır və cəmiyyətin sağlamlaşmasına xidmət edir. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.

  Harada yaşamağımızdan, mövqeyimizdən, vəzifəmizdən asılı olmayaraq hər birimiz dövlətimizin rəhbərinin bu təşəbbüsünü alqışlayırıq.

Rafiq Ağayev,
Yeni Azərbaycan Partiyası
Cəlilabad Rayon Təşkilatının sədr müavini