• C. Noy 22nd, 2024

Ana dilimiz milli-mənəvi sərvətimizdir

ByVuqar Ferzeliyev

İyl 30, 2024

      Ümummilli Lider Heydər Əliyevin “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi çox möhtəşəm tarixi hadisələr idi. Ulu Öndər 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında fərman imzaladı. Həmin fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bundan sonra hökumət səviyyəsində 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.

      Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” – söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına güclü təkan verdi. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçımız dəfələrlə vurğulamışdır ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.

      Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Qeyd edək ki, indi ölkəmizin sərhədlərindən kənarda da Azərbaycan dilində danışan milyonlarla soydaşımız yaşayır. Qürur duyuruq ki, Azərbaycan dili beynəlxalq tribunalardan eşidilir. Azərbaycan Respublikasının Dövlət Himni məhz bu dildə bütün dünyada səslənir. Öyünürük ki, Azərbaycan dili təkcə türk dünyasında deyil, planetin hər bir guşəsində tanınır, sivil bəşəriyyət ona hörmətlə yanaşır, dilimizdə dünya elminə, ədəbiyyatına töhfə verən əsərlər yaradılır.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir