Oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Zəngilan ölkəmizdə ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Bu cəhətdən rayon zəngin tarixi irsə və dini abidələrə sahibdir. Rayon ərazisində yerləşən Şərifan kəndindəki Qız qalası, Xudafərin körpüsü, Məscidlər və Karvansaralar bu mədəni zənginliyin bariz nümunələridir. Xalqımızın tarix boyu bu ərazilərdə mövcud olması burada milli və dini abidələrin meydana gəlməsinə şərait yaratmışdır. Bu abidələr yalnız dini funksiyalar daşımamış, eyni zamanda, tarixi proseslərin və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. İslam mədəniyyətinin yayıldığı dönəmlərdə rayonda inşa edilmiş məscidlər milli və dini dəyərlərin təcəssümü kimi dəyərləndirilir. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!Zeynəddin İbrahimov,şəhid atası, Hacıcavad kənd tam orta məktəbində müəllim