• Bz. Noy 24th, 2024

Antiterror əməliyyatı iki yüz illik terrorizmə son qoydu

ByVuqar Ferzeliyev

Sen 16, 2024

        Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri heçə endirdi. Tarixən aldıqları cəzalardan dərs götürməyən ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər.

       Ali Baş Komandan İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür”, deyərək xəbərdarlıq etmişdi.

        Təəssüf ki, ermənilər bədnam əməllərini davam etdirirdilər. İş o yerə çatdı ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

       Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və öz bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsdiq edildi. Ona görə də, bütün təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

        Antiterror tədbirlərin görülməsi qaçılmaz idi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl səhifəsi hesab etmək olar. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu. Onu da xüsusilə vurğulamaq vacibdir ki, hərbi qüvvələrimiz əsasən şəhərətrafı ərazilərdə və kənd yerlərində əməliyyatlar keçirdi.

        Həyata keçirilən antiterror əməliyyatı Azərbaycanın təhlükəsizlik mühitinin gücləndirilməsinə və terror fəaliyyətlərinin qarşısının alınmasına xidmət edən mühüm bir addım oldu. Azərbaycan çoxdan gözlədiyimiz ədaləti yenidən öz gücü sayəsində bərpa etdi. Heç vaxt unutmayaq ki, bu uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimiz, igid qazilərimizdir.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir