Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur. Kosanın ölüb-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması anlamına gəlir. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır.
Novruz bayramı baharın gəlişi ilə əlaqələndirilir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. Yazılı mənbələrə istinadən demək olar ki, “Yeni gün” anlamına gələn Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər. Klassiklərdən Nazimilmülkün “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” və mütəfəkkirlərin digər əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Axşam düşəndə el-obada tonqallar qalanır, onların üstündən hər kəs üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən yüksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır, qəm-kədəri unudub, xoş sözlərlə şən əhval-ruhiyədə olmalıdırlar.
Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, bolluq və bərəkətin simvolu olan Novruz Bayramınız mübarək olsun!
Xeyrulla Şahbazov,
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi
Cəlilabad şəhər 3 saylı klubun müdiri