• Ca. Mar 13th, 2025

Avropa Azərbaycan qazına ehtiyac duyur

ByVuqar Ferzeliyev

Mar 12, 2025

       Bu gün beynəlxalq siyasi sistem yenidən formalaşır. Planetin ayrı- ayrı yerlərində baş verən hadisələr, o cümlədən toqquşmalar, müharibələr və bunların nəticəsi olaraq qütbləşmənin sürətləndiyi bir vaxtda dövlətlərin xarici siyasət kursunun əhəmiyyəti daha da artır. Çünki xarici siyasət kursu təkcə ikitərəfli və çoxtərəfli əlaqələrin formasını özündə ehtiva etmir, həm də gələcək məqsədlərdən, ambisiyalardan xəbər verir.

       Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyildiyi kimi, Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir.   Bundan başqa Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək.

         Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

        Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Bu gün Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir.

Səməd Rüstəmov,

Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir