• Ça. Apr 15th, 2025

Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir

ByVuqar Ferzeliyev

Apr 10, 2025

       Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Avropaya enerji ixracı məsələsini şərh edərkən demişdir ki, Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq.

       Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.

       Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub.   İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan               10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür.

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

Cəlilabad Rayon Təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir