27 sentyabr Anım Günü hamımız üçün hüznlü gündür, eyni zamanda böyük Qələbəmizin təməl günüdür. Uzun illər beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizi rəhmət etsin! Qazilərimizə isə şəfa diləyirəm. Qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bununla paralel olaraq dövlətimiz öz ordusunu gücləndirir və Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Türkiyə ordusunun modelində öz ordusunu müasir tələblərə cavab verəcək formada yenidən quracaq.
Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Azərbaycan Ordusu ədalətli mövqe və dönməz iradə nümayiş etdirərək işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Simran Əlizadə,
Cəlilabad rayonu, Şiləvəngə kəndi,
Vətən müharibəsinin iştirakçı