Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında göstərildiyi kimi, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb edilib və ediləcək.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur.
Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir.
Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib. Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. faktiki olaraq gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, buna görə də Ələt-Astara yolunun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.
Nəbi İsgəndərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Cəlilabad rayon Komitəsinin sədri