• Şb. Noy 23rd, 2024

AZƏRBAYCAN AVROPA İTTİFAQININ
NİYYƏTLƏRİNİ DƏSTƏKLƏYİR

Byyenigun

Dek 18, 2021

İspaniyanın nüfuzlu El Pais qəzetinə geniş müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti mövcud həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı. Müsahibədə qeyd olunub ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu.
Avropa İttifaqının minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərmə təklif ilə bağlı sualla bağlı Prezident İlham Əliyev Avropa İttifaqının bu niyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb və əlavə edib ki, Ermənistan məsələdə tərəddüd nümayiş etdirir: “Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. Burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik.
Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs, göstərdiyi məsələlər bütövlükdə dünya xalqlarının, bəşəriyyətin maraqlarına xidmət edir. Ölkə başçısı bölgədə davamlı və daimi sülhün yaranması üçüm mühüm addımlar atır. Ona görə də ilk növbədə Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması çox vacib şərt kimi qəbul edilir. Azərbaycan rəhbəri Avropa İttifaqında keçirilən görüşlərdə vermiş olduğu müsahibədə də məhz bu amilləri önə çəkib. Vurğulandı ki, iki dövlət yəni, Azərbaycan və Ermənistan ərazi bütövlüyü məsələsində razılığa gələ bilməyəcəksə, əməkdaşlıq məsələləri də gündəmdən düşəcək.
Prezident İlham Əliyev bir daha qalib Sərkərdə və qalib Azərbaycanın rəhbəri kimi cəsarətli, qətiyyətli mövqeyini nümayiş etdirdi. Biz həmişə mövqeyimizi açıq bildirmişik və demişik, hər zaman da sözümüzün üstündə durmuşuq. İndi növbə, seçim yenə qarşı tərəfin, Ermənistanın və onun havadarlarınındır. Ağıllarını başlarına cəm edib, onları verilən növbəti tarixi fürsət və şansı dəyərləndirmək, düzgün qərar qəbul və doğru seçim etmək, artıq onların öhdəsinə düşür.
Firudin Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir