Prezident İlham Əliyev cari ilin 4 aprel tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışında bildirib ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
Azərbaycan qazı yeni mənbədir.Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, bütün real amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycan yaşıl enerjisi tezliklə təbii qaz qədər əhəmiyyətli olacaq. Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək.
Azərbaycanda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalanıb. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaq.
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi