Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə bildirib ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır.
Dövlətimizin başçısı vurğulayıb ki, biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim. Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” ilə yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük.
İlham Əliyev qeyd edib ki, dünyada bir əsrdə görünməmiş dəyişikliklərin yaşanmasına baxmayaraq, Azərbaycan ilə Çin arasında münasibətlər həmişə qarşılıqlı hörmət və qarşılıqlı etimad ilə seçilib. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq daim dərinləşir, ticarət-iqtisadi əlaqələr sürətlə inkişaf edir, regionlararası mübadilələr günü-gündən daha da yaxınlaşır. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan “vahid Çin” prinsipinə möhkəm sadiqdir, Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu təkid edir və Çin hökumətinin ölkənin birləşməsinə nail olmaq üçün bütün səylərini dəstəkləyir. Azərbaycan Çinlə hərtərəfli strateji tərəfdaşlığın qurulması istiqamətində işi dərinləşdirməyə, “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, elm və texnologiya kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, iki ölkənin siyasi partiyaları və xalqları arasında mübadilələri dərinləşdirməyə, beynəlxalq və regional məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə hazırdır.
Nəbi İsgəndərov,
Cəlilabad Rayon Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin sədri