• C. Noy 22nd, 2024

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

Byadmin

Noy 16, 2021

Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Yeni Azərbaycan Partiyasının yaranması zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirməsi böyük tarixi hadisə idi. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi.
1992-ci il noyabrında Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Qeyd edək ki, o vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməmişdi. Lakin müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak etdi.
Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Dəfələrlə hakimiyyət dəyişikliyindən sonra hər bir Azərbaycan vətəndaşı ölkəni bürüyən böhrandan çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.
Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi 7 ay sonra siyasi hakimiyyətə gəldi. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən, əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız 28 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. YAP-ın son qurultayında Prezident deyib: “YAP-ın bu günümüz üçün zəruri olan uğuru, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu”.
Qürur duyduğumuz ən mühüm gerçəklik isə sürətlə inkişaf edən bugünkü Azərbaycandır. YAP ölkənin ən böyük və qüdrətli siyasi partiyasıdır: Bu partiyanın gücü məhz onun ümummilli lider Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir. YAP-ın gücü Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutmasında, sıralarında birləşən 700 mindən nəfərdən çox insandadır. Azərbaycanın tarixi boyu hələ heç bir partiyanın ətrafında bu qədər üzv olmayıb. Bu, sadəcə, statistika deyil, partiyanın gücünün və qüdrətinin göstəricisidir.
Mirsüleyman Mirxaslı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir