Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir.
Ölkəmizdə XI Bakı Qlobal Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hər il Forumun iştirakçılarının sayının artdığının, coğrafiyasının, eyni zamanda intellektual potensialının genişləndiyinin şahidi oluruq. 30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası öz növbəsində bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, süverenliyinin qorunması, habelə tarixi torpaqlarında yaşayan xalqların maraqlarını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunması üçün öz töhfələrini verir. 14 mart 2024-cü il tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda öz işinə başlayan XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etmələri Azərbaycan Respublikasının və əlbəttə ki, Prezident İlham Əliyevin iradəsinə, humanistliyinə olan etimadın bariz nümunəsidir. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur. Eləcə də, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulur.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirmişik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.
Prezident İlham Əliyev dünyamızın sürətlə dəyişdiyini vurğulayaraq hər bir bölgədə baş verən lokal hadisələrin regionlaşdığını, regional hadisələrin isə qloballaşdığını iştirakçıların diqqətinə çatdırdı. Belə ki, 2020-ci ildə Azərbaycanın Zəfər çaldığı 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi, daha sonra 2023-cü ildə həyata keçirilən 1 sutkalıq lokal xarakterli antiterror əməliyyatları təkcə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmədi, eyni zamanda qlobal arenada həlli mümkünsüz kimi görünən münaqişələrin necə həll ola biləcəyini ortaya qoydu. Ölkə başçısının XI Qlobal Bakı Forumunda çıxışı, səsləndirdiyi fikirlər bir daha mövcud yanaşmaların nizamlanmasına, bütün dünya xalqlarının maraqlarının nəzərə alınmasına, dayanıqlı sülh sisteminin təşkili işinə növbəti çağırış, Azərbaycanın dünyada təhlükəsizlik və əmin-amanlığın carçısı olduğunun əyani sübutudur
Məhəmməd Ağayev,
Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü