Dörd ildən bir keçirilən idman Olimpiya Oyunları başqa idman yarışları arasında xüsusi yer tutan bir yarışdır.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar sayəsində Azərbaycanın idman ölkəsi kimi qazanması beynəlxalq statusunu daha da artırır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdı. 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması belə deməyə ciddi əsas verir.
Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb.
Prezident cənab İlham Əliyev idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb:
“Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.
Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sayəsində ölkəmiz bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu gün dünyada və Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır və milli himnimiz səslənir. Bu isə hər bir Azərbaycan vətəndaşında böyük sevinc və fərəh hissi yaradır. Bu nailiyyətlərin əldə olunması birmənalı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı