Azərbaycan ilə Macarıstan arasında möhkəm dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. İkitərəfli əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, həmçinin iqtisadi, enerji, təhsil və mədəni sahələri də əhatə edir. Bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və tərəqqiyə də öz töhfəsini verir.
Azərbaycan Respublikasının Macarıstana artan səfərləri və Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana etdiyi çoxsaylı rəsmi səfərlər qarşılıqlı maraq və yüksək səviyyəli siyasi dialoqun bariz nümunəsidir. Bu səfərlər zamanı imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Macarıstanın Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana göstərdiyi maraq və dəstək onun bu regionda sülh və əməkdaşlığın gücləndirilməsində fəal tərəfdaş olmasından xəbər verir. Eyni zamanda, Macarıstanın müstəqil və prinsipial xarici siyasət yürütməsi, Avropa İttifaqında və beynəlxalq platformalarda suveren qərarlar qəbul etməsi onu region ölkələri üçün etibarlı tərəfdaş kimi fərqləndirir.
Macarıstanın enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsi də iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan təbii resursları və nəqliyyat-logistika imkanları ilə Avropanın enerji təchizatında mühüm rol oynayır, Macarıstan isə bu sahədə qarşılıqlı faydalı əməkdaşlığa açıq mövqe sərgiləyir. Təhsil və mədəniyyət sahələrində də münasibətlər inkişaf edir. Macarıstan hökumətinin Azərbaycanlı tələbələr üçün təqdim etdiyi təqaüd proqramları, eləcə də mədəni tədbirlərin təşkili xalqlarımız arasında humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir. Macarıstanın əldə etdiyi uğurlar və ölkənin beynəlxalq nüfuzunun artması onun düzgün və uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı