Dünya iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başlayır. Qlobal pandemiyanın ağır fəsadları tam sovuşmasa da, bəzi dövlətlərin iqtisadiyyatındakı artım templəri göstərir ki, böhranla mübarizədə ciddi qabaqlayıcı tədbir görənlər iqtisadi fəallıqlarını artırmağa başlayıblar. Sevindirici haldır ki, bu ölkələrdən biri də Azərbaycandır. Prezident İlham Əliyevin son 6 ayın statistik göstəriciləri ilə bağlı verdiyi geniş məlumata əsasən deyə bilərik ki, ölkə iqtisadiyyatında və digər sahələrdə nəzərəçarpacaq dərəcədə artım var. Bütün bu uğurlu rəqəmlər Prezidentin də söylədiyi kimi, görülən tədbirlərin, aparılan islahatların bəhrəsidir. Əgər belə getsə, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq. Onu da vurğulayaq ki, pandemiya ilə mübarizə dövründə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası davam etdirilirdi. Bu müddətdə respublikanın əksər rayonlarında yollar, içməli su xətləri çəkildi, xəstəxanalar, sosial obyektlər tikildi, iş yerləri açıldı. Görülən işlər plan üzrə gedib və bu gün də davam etdirilir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır”, - deyə Prezident bildirib. Prezident haqlı olaraq qeyd edib ki, Azərbaycanın mədənləri qanunsuz istismar edilib. Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, cinayətdir və bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir. Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq. Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaq, Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış olacaq və eyni zamanda, ixrac imkanları da yaranacaq. Dövlət başçısının respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində açılışını etdiyi, fəaliyyəti ilə tanış olduğu sosial-iqtisadi obyektlər də deyilənlərin təsdiqidir.
Ümumiyyətlə, dövlət başçısı müntəzəm olaraq regionlara səfər edir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı verdi tapşırıqların icrasını yerində yoxlayır, müvafiq tapşırıqlarını verir. Təbii ki, yeni-yeni obyektlərin açılışı görülən işlərin həcmini, ölkə iqtisadiyyatının inkişafını göstərir.
Nəsib İsgəndərov, Cəlilabad RİH baş məsləhətçisi