Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində ölkəmizin İtaliya ilə əlaqıləri yüksələn xətlə inkişaf edib. İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. Bu səfər İtaliya Prezidentinin Azərbaycana ikinci səfəridir.
İtaliya prezidentinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Belə bir qüdrətli dövlətin rəhbərinin ölkəmizə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, həm də Azərbaycanın beynəlxalq miqyasda artan əhəmiyyətini təsdiqləyir.
Səfər zamanı mətbuat nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev bildirib ki, bu səfər tarixi bir səfərdir. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür.
Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edildi. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Bu, çox ciddi siyasi sənəddir, əslində, bizim bir-birimizə olan münasibəti və gələcək əməkdaşlıq formatını göstərir və müəyyən edir. O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk.