Dövlət başçısı İlham Əliyevin Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi. Ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, eyni zamanda, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir: “NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki, ilk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti qurumun Cənubi Qafqazda geosiyasi baxımdan daha da aktivləşmək niyyətini açıqlayaraq üçtərəfli görüşün nəticəsinə dair bəyanatında münasibətlərin gələcək inkişafına xidmət edəcək məqamları qeyd etmişdir. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstəyi öz əksini tapıb. Birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə etməklə yanaşı, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib.
Dövlət başçısının Şərq Tərəfdaşlığının Sammitində çıxışına, həmçinin İspaniyanın “El Pais” qəzetinə müsahibəsinə yönəldərək bildirib ki, Brüssel səfəri həm mahiyyət, həm keçirilən görüşlərin tərkibi, həm də Prezident İlham Əliyevin həqiqətləri bu və ya digər ölkənin media orqanı vasitəsilə dünya ictimaiyyətinə çatdırılması istəyinin reallaşdırılması baxımından diqqətçəkən və əhəmiyyətlidir: “Soçi görüşü, daha sonra Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı, dekabrın 15-də isə Şərq Tərəfdaşlığının VI Sammiti Azərbaycanın yeni reallıqlar fonunda beynəlxalq imicinə, yerinə və roluna, güclənən mövqeyinə işıq saldı. Ölkə Prezidenti Sammitdə bir daha bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühit hökm sürür. Bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsi vacibdir. Biz gələcəyə baxmalıyıq. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirib.
Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünə bilməzdi. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.
Etibar Sadıqov