Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək.
Bu gün Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.
Kərimova Nigar
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi