“Azərbaycan və Gürcüstan arasındakı münasibətlər, tarixi, iqtisadi və strateji əlaqələr əsasında inkişaf etməkdədir. Sevindirici haldır ki, ölkələrimiz arasındakı əlaqələr yalnız qonşuluq münasibətləri ilə məhdudlaşmır, həm də regional və beynəlxalq səviyyədə əməkdaşlığın təməlini qoyur. Son illərdə keçirilən yüksək səviyyəli görüşlər, ikitərəfli əlaqələrin genişlənməsi, iqtisadi və siyasi əməkdaşlığın inkişafı və regionda qarşılıqlı təhlükəsizlik məsələlərinin həllinə xidmət edir. Bu baxımdan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizə səfəri və Azərbaycan lideri İlham Əliyevlə keçirdiyi görüşlər mühüm əhəmiyyətə malikdir”.Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfəri Azərbaycana etməsi ölkələrimiz arasındakı əlaqələrin mahiyyətini, xalqların dostluğunu, qardaşlığını növbəti dəfə sübut edir: Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb”. “Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri daha da dərinləşib. Ölkəmiz bu əlaqələrin təkcə siyasi deyil, həm də iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə də inkişaf etdirilməsinə böyük önəm verir. Qarşılıqlı etimad və ortaq maraqlar bu əməkdaşlığı daha da gücləndirir. Bu tərəfdaşlığın bariz nümunələrindən biri də birgə həyata keçirilən regional layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir. Bu layihələr təkcə ölkələrimizin iqtisadiyyatına deyil, eyni zamanda Avropa və Asiyanın enerji və nəqliyyat təhlükəsizliyinə də ciddi töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır”. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edirlər. Hər iki ölkə bu platformalarda bir-birinin mövqeyini dəstəkləməklə, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər nümayiş etdirirlər. Bu çərçivədə xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyirlər. Ölkələr arasında bu cür möhkəm beynəlxalq həmrəylik və diplomatik koordinasiya, ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırır, ortaq maraqlar ətrafında birgə çıxış etmək imkanlarını genişləndirir”. “Azərbaycan Milli Məclisi və Gürcüstan Parlamenti arasında qurulmuş münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında formalaşıb. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları, mütəmadi qarşılıqlı səfərlər, görüşlər və müzakirələr əlaqələrin gücləndirilməsinə xidmət edir. Bu əlaqələr yalnız siyasi dialoqun dərinləşməsi baxımından deyil, həm də qanunvericilik təcrübəsinin mübadiləsi və parlament diplomatiyasının genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyır”.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru