Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və bənzər problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi.
Qədim tarixi köklərə malik olan Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, bu günlərdə strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.
Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan ilə Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru