Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərinin icra etməyə başlamasından keçən dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur;
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndərdemokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir.
. Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sayıla bilər. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində hər zaman xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Nəbi İsgəndərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Cəlilabad rayon Komitəsinin sədri