Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir.
Bildiyimiz kimi, mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitson Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin təkbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaqdır.
Dövlət başçısı cənab İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.
Səfər çərçivəsində xüsusilə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması oldu. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Bununla da ölkə başçısı tərəfindən azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi. Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən ararıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.
Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə