• C. Noy 29th, 2024

Azərbaycan xalqının Qurtuluş günü şərəfli tariximizdir

ByVuqar Ferzeliyev

İyn 12, 2022

Milli Qurtuluş günü milli bayramlarımız sırasına daxil olan tarixi günlərdən biridir. Qurtuluş gününü qeyd edərkən ilk növbədə gözlərimiz önünə dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi ad qazanmış Heydər Əliyev gəlir. Və belə əlamətdar gündə hər bir Azərbaycan vətəndaşının deməyə sözü çoxdur.
Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlı bu günlərdə ulu öndərimizdən daha çox bəhs edir, onun həyat və fəaliyyətini xatırlayır, şanlı ömür yolunun salnaməsini bir daha vərəqləyir. Ümummilli liderimiz sözün əsil mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yeni və modern dövlətçilik ənənələrimizin müəllifidir.
Qurtuluşumuza gedən haqq yolunda xalqımız çətin sınaqlardan keçmişdir. Bu yolların əsas mərhələsinin keçilməsində bayraqdarlıq missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Azərbaycan xalqı və xalqın dəyərli ziyalıları öz xilasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.
Ulu öndər bütün həyatını, bilik və təclübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın düzgün strategiyasını bizlərə əmanət qoydu. Onun dərin zəkanın sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir təməl oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi.
O zaman ölkədə çox təzadlı vəziyyət yaranmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
Milli Qurtuluş gününü təntənə ilə qeyd etdiyimiz bu günlər bir daha deməyə haqqımız çatır və söyləməyə borcluyuq ki, dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etmişdir. Bu siyasətin müəllifi olan ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və ulu öndərimizin amallarını ləyaqətlə həyata keçirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da müstəqillik ideyası üzərində köklənib, Azərbaycanın dövlətçilik ənənələrini inkişaf etdirərək daha da irəli gedəcəkdir.

Ədalət Əsgərov, Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir